VƏHHABİLİK NECƏ YARANDI
ehlibeyt
Aprel 17, 2008 9:46
-Peyğəmbərin dil və ya qılıncla cihad etməsinin heç bir fərqi yoxdur.
-Bəs onda, vacib olan cihad dil ilə olur, yoxsa qılıncla?
-Nəzərə al ki, Peyğəmbər kafirlərlə müharibə etmişdir.
-Peyğəmbər cihad yox, özünü müdafiə etmişdir. Kafirlər Peyğəmbəri öldürmək istəyirdilər.
Bir dəfə də İslamda mübahisəli mövzulardan biri olan siğə (müvəqqəti nigah) barədə onun nəzərini öyrənmək məqsədi ilə belə dedim:
-Mənim nəzərimə görə, siğə İslamda qanuni bir hökmdür.
-Caiz deyildir.
-Nisa surəsinin 24-cü ayəsində Allah-Taala belə buyurmuşdur: «Onlardan faydalanacağınız halda, razılaşıb mehriyyələrini verin».
-Ömər Peyğəmbər zamanında mövcud olan iki məsələni qadağan etdi və «Bu işi edəni cəzalandıracağam!» – dedi.
Sən həm özünü Ömərdən elimli sanırsan, həm də onun əmrlərinə tabe olursan. Ömər demişdi ki, Peyğəmbər bu işləri halal buyurmuşdur, mən onları qadağan edirəm. Peyğəmbərin əmrini buraxıb Ömərin sözünü tutursanmı? O, cavab vermədi. Anladım ki, məğlub oldu. Həmin ərəfədə Məhəmməd Nəcdinin qadın istədiyini və onda cinsi məsələlərə qarşı kəskin hisslərin baş qaldırdığını bilirdim. Özü də subay idi. Ona dedim ki, gəl hər ikimiz müvəqqəti nigahla evlənib özümüzə bir qadın tapaq; bu yolla bir qədər dincəlib rahatlanarıq. O, başını aşağı salmaqla razılığını bildirdi. Lakin bu işin aramızda sirr olaraq qalmasını və həmin qadına adının bildirilməməsini xahiş etdi. Bəsrədə müsəlman gəncləri əyləndirib, azğınlığa sövq etdirmək üçün nazirlik tərəfindən göndərilən xristian qadınlar var idi. Mən onların yanına getdim. Məsələni birinə danışdım, o da qəbul etdi. Adını Səfiyyə qoydum. Nəcdini onun evinə gətirdim. Bir həftəlik müvəqqəti nigahla razılaşdılar; o, Səfiyyəyə mehriyyə olaraq, bir az qızıl verdi. Səfiyyə onu çox ustalıqla ələ aldı. Həqiqətən, Məhəmməd Nəcdli ictihad və fikir azadlığı bəhanəsi ilə şəriət hökmlərinə qarşı çıxmağın nəfsani istək olduğunu duymuşdu.
Müvəqqəti nigahın üçüncü günü şərabın haram olmadığına dair uzun-uzadı mübahisə etdik. O, nə qədər şərabın haram olduğuna dair Qur`an ayəsi və hədis gətirdisə də, hamısını qüvvədən salaraq dedim:
Yezidin, ümumiyyətlə əməvi və abbasi xəlifələrinin hamısının şərab içmələri hamıya mə`lumdur. İndi özünü onlarla müqayisə et, gör onlar düz yoldadırlar, yoxsa sən? Şübhəsiz ki, onlar Qur`anı və sünnəni səndən daha yaxşı bilirdilər. Qur`an və sünnədən şərabın haram olduğunu yox, məkruh olduğunu anlamışlar. Yəhudi və xristianların kitablarında da şərabın halal olduğu yazılmışdır. Bütün dinlər Allahın əmridir; hətta rəvayətə görə, Ömər şərab haqqında ayə nazil olana qədər içmişdir. Əgər şərab haram olsaydı, Peyğəmbər onu cəzalandırardı. Şərab haram olmadığına görə də, Peyğəmbər onu cəzalandırmadı (Ömər şərab haram edilməmişdən əvvəl şərab içərdi. Ayə nazil olandan sonra isə əsla şərab içmədi).
Bə`zi rəvayətlərə görə, Ömər şərabı su ilə qarışdıraraq içər və deyərmiş ki, əgər sərxoş etmirsə, haram deyildir.
Ömərin bu mövzuda fikirləri doğrudur. Çünki Qur`anda belə buyurulmuşdur: «Şeytan şərab və qumar ilə aranıza ədavət toxumu səpər; sizi Allahın zikrindən və namazdan uzaqlaşdırmaq istəyər. Artıq bunlardan uzaqlaşmaq vaxtı deyilmi?»
Düzdür, şərab sərxoş etmədiyi halda, halaldır.
Məhəmməd Nəcdi ilə olan bu mübahisəmizi Səfiyyəyə danışdım və ona bərk-bərk tapşırdım ki, Məhəmmədə doyunca şərab içirtsin. Səhərisi gün Səfiyyə dedi ki, o, şərabı içdi, hələ üstəlik mənimlə oynadı da.
Beləliklə, Səfiyyə ilə birlikdə Məhəmməd Nəcdini yaxşıca ələ aldıq. Yaxşı yadımdadır ki, MNN-nin naziri ilə vidalaşdığım zaman mənə belə demişdi: «Biz İspaniyanı kafirlərdən (müsəlmanlardan) içki və zina ilə aldıq. Bu vasitələrlə başqa torpaqlarımızı da azad edəcəyik!». Onun bu sözlərinin nə qədər həqiqət olduğunu indi başa düşürəm.
Bir gün Məhəmməd Nəcdi ilə oruc tutmaq barədə söhbətə başladım:
-Qur`anda, «Oruc tutmanız sizin üçün daha xeyirlidir» yazılmışdır. Bu əməlin vacib olması barədə heç bir şey yazılmamışdır. Elə isə oruc İslamda vacib deyil, sünnətdir!
O, bu fikrimə e`tiraz edərək:
-Məni dinimdən çıxarmaqmı istəyirsən?
Din qəlbin təmizliyidir, başqasının haqqına təcavüz etmək yox. Allah-Taala Qur`ani-Kərimdə də bu barədə belə buyurmuşdur: «Rəbbinə həmd (zikr) etməklə, səcdə edənlərdən ol! Ölüm gəlib çatınca Rəbbinə ibadət edənlərdən ol». Bu ayədən belə nəticə əldə edilir ki, namazı qılmaqda məqsəd Allahı anmaqdır. Namaz əvəzinə Allahı yad etmək də olar.
-Bəli, bə`zi mötəbər şəxslər olubdur ki, namaz əvəzinə Allahı yad etməklə məşğul olmuşlar. Onun bu sözlərinə çox sevindim. Ona belə bir fikri aşılamaq üçün çox çalışmışdım. Axır ki, onun fikrini dəyişdirə bildim. Sonralar gördüm ki, o, namaza əhəmiyyət vermir. Bə`zən qılır, bə`zən də qılmırdı. Xüsusilə də sübh namazlarını qılmazdı. Mən də gecə yarısına qədər onu söhbətə tuturdum ki, sübh namazına dura bilməsin. O da yorularaq yatırdı. Yavaş-yavaş Məhəmməd Nəcdinin iman libasını çıxarmağa başladım.
Bir gün Peyğəmbər haqqında da onunla bəhs etmək istədim. Lakin bu mövzu ona pis tə`sir göstərdi. Əsəbləşərək, bir də bu mövzuda söhbət açsan, səndən uzaqlaşacağam – dedi. Buna görə də mən susdum. Qorxdum ki, bir anda bütün müvəffəqiyyətim heç olar. Sünnilikdən və şiəlikdən ayrı bir yol tutmağını təklif etsəm də, o, bu sözümə əhəmiyyət vermədi. Lakin Səfiyyənin vasitəsi ilə onu ələ almağı bacardım. Aramızdakı soyuqluğu aradan aparmaq üçün bu hiyləyə əl atdım:
Peyğəmbərimiz səhabələrini bir-birinə qardaş etmişdir, elə deyilmi?
Bəli, elədir.
İslamın hökmləri müvəqqətidir, yoxsa davamlı?
Əlbəttə ki, davamlı.
Peyğəmbərimizin halalı qiyamətə qədər halal, haramı isə haramdır. Elə isə gəl, səninlə qardaş olaq.
Nəcdi də mə`muniyyətlə razılaşdı. O gündən sonra ondan ayrılmadım. Səfərə də birlikdə gedirdik. Ona çox hörmətlə yanaşırdım. Gəncliyimin ən dəyərli günlərini onunla keçirdim. Yaxşı ki, əkdiyim ağac öz bəhrəsini verməyə başlamışdı. Hər ay MNN-ə fəaliyyətimlə əlaqədar yeni mə`lumatlar göndərirdim. Gələn cavablar cəsarətverici və təşviqedici idi. Məhəmməd Nəcdi cızdığım yolla addım-addım irəliləyirdi. Mənim vəzifəm ona istiqlal və hürriyyət verib, yeni-yeni şübhələr aşılamaq idi. Ona bu işdə müvəffəqiyyət qazanacağını söyləyir və tə`rifləyirdim.
Bir gün ona yuxu gördüyümü söylədim: «Dünən gecə Peyğəmbərimizi yuxuda gördüm. (Peyğəmbərin ruhanilərdən eşitdiyim əlamətlərini təsvir etdim.) O, bir kürsüdə oturmuşdu. Ətrafında da tanımadığım alimlər var idi. Siz içəri daxil olduqda üzünüzdən nur saçırdı. Peyğəmbərə yaxınlaşanda o, ayağa durub alnınızdan öpərək belə dedi: «Sən mənim elmimin varisisən. Din və dünya işlərimdə vəkilimsən». Sən isə, «Ya Rəsuləllah, mən elmimi insanlara açmağa qorxuram» dedin. Peyğəmbər cavabında dedi: «Sən dahisən, heç nədən qorxma!» Məhəmməd Nəcdi bu yuxunu eşitdikdən sonra sevincindən sanki uçurdu. Bir neçə dəfə doğru deyib-demədiyimi soruşdu. Mən də onu əmin edərək, bu yuxunu həqiqətən gördüyümü söylədim. Zənn edirəm ki, Nəcdi elə o gündən yeni bir məzhəb yaratmaq qərarına gəldi.
BEŞİNCİ FƏSİL
Məhəmməd Nəcdi ilə çox səmimi və yaxın olmuşduq. Bu günlərdə şiələrin dini-elmi mərkəzi olan Kərbəla və Nəcəf şəhərlərinə getmək üçün Londondan əmr gəlmişdi. Məhəmmədlə görüşüb Bəsrədən ayrılmaq məcburiyyətində qaldım. Lakin bu cahil və yolunu azmış şəxsin gələcəkdə yeni bir firqə yaradacağını və onun İslam dinini daxildən parçalayıb dağıdacağını düşünəndə hədsiz dərəcədə sevinirdim. Yaranacaq bu azğın firqənin inanclarını şəxsən özüm hazırladığıma görə fərəhlənirdim.
Əli ibn Əbutalib Nəcəfdə dəfn edilmişdir. Nəcəfdən bir neçə kilometr aralıda Əlinin xilafət mərkəzi olan Kufə şəhəri yerləşir. Həzrəti Əli öldürüldükdə, oğlanları Həsən və Hüseyn onu Kufədən kənarda, hal-hazırdakı Nəcəf şəhərində dəfn etmişdilər. Bundan sonra Nəcəf inkişaf edib böyüməyə başlamışdı. Şiə alimləri Nəcəfə toplaşmış, orada mədrəsələr qurub ali-dini təhsil ocaqları yaratmışdılar. İstambuldakı xəlifənin onlara münasibəti bir neçə səbəbə görə pis idi:
İrandakı şiə hökuməti Nəcəfdəki şiələri dəstəkləyirdi. Xəlifə də onların işlərinə qarışırdı. Hər iki dövlətlər arasında münasibətlər gərginləşmiş, hətta hər dəqiqə belə müharibə baş verə bilərdi.
Nəcəf ətrafında şiələri dəstəkləyən çoxlu silahlı tayfalar var idi. Silahları və dəstələri nizamlı ordu şəkilində olmasa da, xəlifənin ordusu ilə döyüşmək imkanında idilər.
Nəcəfdəki şiə alimləri Hindistan, Afrika və bütün dünyadakı şiələrin ən ali dini müraciət yerləri idi. Bütün dünya şiələri bu şəhərdə yerləşən müctehidlərin bircə fətvası ilə ayağa qalxıb üsyana başlaya bilərdilər.
Peyğəmbərin qızı Fatimənin oğlu Hüseyn ibn Əli Kərbəlada şəhid edilmişdir. İraq əhalisi Mədinəyə məktub yazaraq imam Hüseyni özlərinə xəlifə seçmək üçün bu şəhərə də`vət etmişdilər. O, ailəsi ilə birlikdə Kərbəla torpağına yetişdikdə, iraqlılar öz və`dlərinə xilaf çıxaraq, Şamda oturan Əməvi xəlifəsi Yezid ibni Müaviyənin əmri ilə ona qarşı vuruşmuşdular. Hüseyn (ə) ailəsi ilə birlikdə İraq ordusuna qarşı şəhid oluncaya qədər qəhrəmancasına döyüşmüşdü. O gündən sonra şiələr Kərbəlanı ruhani bir mərkəz olaraq, qəbul etmiş və hər yerdən oraya gəlib toplaşmışdılar. (Təəssüflər olsun ki, xristian aləmində belə bir mərkəzin bənzəri yoxdur). Kərbəla da Nəcəf kimi şiələrin dini-elmi mərkəzlərindən sayılır və orada çoxlu sayda mədrəsələr vardır. Bu iki şəhər həmişə bir-birinə yardımçı olurlar.
Kərbəlaya getmək əmrini aldıqdan sonra Bəsrədən Bağdada, oradan da Fərat çayının kənarındı yerləşən Hillə şəhərinə getdim. Dəclə və Fərat çayları Türkiyədən gələrək, İraqdan keçir və sonda Bəsrə körfəzinə tökülür. Bu çaylar İraq üçün həyati əhəmiyyət daşıyır. Mən Londona döndükdən sonra MNN-ə getdiyim zaman İraqla bağlı təkliflərimizi qəbul etdirmək məqsədilə, bu çayın istiqamətini dəyişmək üçün plan hazırlanmasını təklif etdim. Əgər su İraqdan kəsilərsə, təkliflərimizi qəbul etməyə məcbur olacaqlar – dedim. Hillədən Nəcəfə azərbaycanlı tacir qiyafəsində getdim. Şiə alimləri ilə dostluq və səmimiyyət qurdum və onları aldatmaq üçün dərslərdə iştirak etməyə başladım.
Şiələrlə sünnilərin fərqi aşağıdakılardan ibarətdir:
Şiələr Osmanlı hökumətinə qarşı düşmən mövqeyi tutmuşdular. Çünki onlar şiə, türklər isə sünni idilər.
Şiə alimləri bizim durğunluq dövrümüzdəki keşişlərimiz kimi özlərini tamamilə dini elmlərə həsr etmiş, dünyavi elmlərlə çox az maraqlanırdılar. Dünyada baş verən ictimai-siyasi hadisələrdən xəbərsiz idilər. Bir gün öz-özümə fikirləşirdim ki, şiələr nə zavallı insanlardılar. Bütün dünya oyaq ikən onlar hələ də yatırlar. Bir gün gələcək bir sel onları yuyub aparacaq.
Onları xəlifəyə qarşı üsyana yönəltmək istəyirdim. Məni bu mövzuda dinləyən olmadı. Bə`ziləri də bu təklifi eşitdikdə mənə istehza ilə yanaşırdı. Sanki onlara, dünyanı yıxın – deyirdim. Onlar Osmanlı xilafətini fətholunmaz bir qala kimi görürdülər. Şiələrin fikirincə, bu işi ancaq zühurunun intizarı gözlənilən Məhdi görə bilər və onları xəlifənin zülmündən qurtara bilərdi. Onlara görə, Mehdi İslam peyğəmbərinin nəslindən olan və hicri-qəməri tarixi ilə 255-ci ildə qeybə çəkilən on ikinci imamdır. Onlar deyirdilər: «O indi həyatda mövcuddur, bir gün zühur edəcək, zülm və haqsızlığın baş alıb getdiyi dünyanı ədalətlə dolduracaq». Onların bu cür inanclarına lap heyrət edirdim. Bu bizim xristianların inandığı, «İsa Məsih gələcək, dünyanı ədalətlə dolduracaq» əqidəsinə bənzəyirdi. Bir gün onların birinə belə dedim:
-İslam peyğəmbəri zülmə qarşı çıxdığı kimi, sizin də zülmə qarşı mübarizə aparmağınız vacib deyildirmi?
-Allah ona yardım edirdi. Ona görə də zülmü məhv etməyi bacardı.
-Qur`anda belə buyurulmuşdur: «Siz Allahın dininə yardım edərsinizsə, O da sizə yardım edər». Şahların zülmünə qarşı çıxsanız, Allah sizə də yardım edər.
-Sən bir tacirsən, bunlar sənin işin deyil. Bu elmi bir mövzudur ki, sən bu elmi dərk edə bilməzsən.
Əli ibn Əbu Talibin məqbərəsi çox gözəl bir layihə əsasında tikilmişdir; qızıldan qapıları, böyük bir gümbəzi və iki böyük minarəsi vardır. Hər gün bu türbəyə çoxlu sayda şiə zəvvarları gəlir, ziyarət edir və camaat namazı qılırlar. Ziyarətçilərin hər biri məzara salam verdikdən sonra içəri daxil olurlar. Kərbəlada da Həzrəti Əlinin məqbərəsinə bənzər iki məqbərə vardır.
Birincisi, Həzrət Hüseynə, ikincisi isə, onunla bərabər şəhid olan qardaşı Həzrət Abbasa məxsusdur. Şiələr Nəcəfdə etdikləri ziyarət qaydalarını eynən Kərbəlada da edirdilər. Kərbəlanın görünüşü Nəcəfdən daha gözəldir. Ətrafında gözəl bağçalar və axar sular vardır.
İraq səfərində bir çox fərəhləndirici mənzərələrlə qarşılaşdım. Bə`zi hadisələr Osmanlı imperatorluğunun sonunun yaxınlaşdığından xəbər verirdi. İstambul hökuməti tərəfindən tə`yin edilən vali zalım və cahil bir adamdır. Özü istədiyi kimi hərəkət edirdi. Xalq ondan razı deyildi. Sünnilər hüquqlarının tapdalandığından, onlara qiymət verilmədiyindən şikayətlənir, şiələr isə Peyğəmbərin nəslindən rəhbərliyə layiq olan seyyid və fəqihlər olduğu halda, xəlifəni və onun yerli valisini qeyri-qanuni hesab edirdilər. Şiələrin vəziyyəti həddən artıq dözülməz idi. Zülm və əziyyət içində yaşayırdılar. Yol kəsənlər karvanları daima talan edirdilər. Hökumət onlara bir mühafizə əsgəri vermədikdə səfərə çıxa bilmirdilər. Şiə tayfaları arasında da düşmənçilik çox idi. Hər gün bir-birini öldürürdülər. Şiələrin bu vəziyyəti mənə kilsənin Avropanı istila etdiyi zamanları xatırladırdı. Nəcəf və Kərbəladakı ruhanilərdən başqa hər min nəfərdən biri yazmaq və oxumaq bacarırdı. İqtisadi həyat çökmüş, insanlar fəqirlik və zəlalət içində məşəqqət çəkirdilər. Dövlət çıxılmaz bir vəziyyətdə idi. Şiələr hökuməti rəsmi şəkildə tanımırdılar. Dövlət ilə xalq arasında e`timadsızlıq hökm sürürdü; onlar bir-birinə şübhə ilə yanaşırdılar. Ona görə də aralarında yardımçı əlaqə yox idi.
Kərbəla və Nəcəfdə dörd ay qaldım. Nəcəfdə olduğum müddətdə ağır xəstəliyə tutuldum. Hətta əlimi həyatdan üzmüşdüm. Üç həftə yataqda qaldım. Həkimdən müalicə aldıqdan sonra səhhətim yaxşılaşmağa başladı. Ev sahibi xəstə olduğum müddətdə mənə çox yaxşı xidmət göstərdi. Bu işlə savab qazandığını deyirdi. Onlara deyirdim ki, həzrəti Əlinin ziyarətçisiyəm. Müalicəmin birinci günü həkim mənə toyuq ətinin suyunu içməyi söylədi. Daha sonra ətindən də yeməyi məsləhət gördü. Sağaldıqdan sonra Bağdada getdim. Nəcəf, Hillə və Bağdad yolunda müşahidələrimlə bağlı yüz səhifəlik mə`lumat hazırlayıb MNN-nin Bağdad şö`bəsinə təqdim etdim.
İraqda qalacağım və ya Londona dönəcəyim haqqında əmr gözləyirdim. Uzun zaman idi ki, qürbətdə idim. Vətənim və ailəm üçün çox darıxmışdım; həyata yenicə göz açmış oğlum Rasputini görmək istəyirdim. Onun üçün də MNN-ə yazdığım məktubda az bir müddətə olsa da, Londona qayıtmaq üçün izn istədim. Üç illik İraq səfəri ilə əlaqədar müşahidələrimi şifahi anlatmaq və bir qədər də istirahət etmək istəyirdim. Nazirliyin İraqdakı nümayəndəliyi şübhə doğurmamaq üçün Dəclə çayının kənarındakı evlərin birində yerləşməyimi məsləhət gördü. Londondan cavab gələnədək orada qalmalı oldum. Burada qalarkən xilafət mərkəzi olan İstambulla Bağdad arasındakı mə`nəvi uyğunsuzluğu müşahidə edirdim.
Bəsrədən Kərbəla və Nəcəfə getdiyim müddətdə Məhəmməd Nəcdidən çox nigaran qalmışdım. Onun göstərdiyim yoldan aza biləcəyindən ehtiyatlanırdım; aylarla çəkdiyim zəhmətin hədər olacağından qorxurdum. Ayrılanda o, İstambula getmək haqqında düşünürdü. Mən onu bu fikirdən daşındırmaq üçün çox çalışdım və ona, İstambulda fikirlərini duysalar, səni öldürə bilərlər, – dedim. Əlbəttə məqsədim başqa bir şey idi. Orada savadlı sünni alimləri ilə görüşüb, öz etiqadına qayıda bilərdi. Çünki, İstambulda İslamın yüksək ruhiyyəsi vardır. Məhəmmədin Bəsrədə qalmaq istəmədiyini anladıqda, İsfahan və Şiraza getməsini təklif etdim. Çünki bu iki şəhər çox gözəl, xalqı da şiə idi. Şiələrin də ona tə`sir etmək ehtimalı çox az idi. Beləliklə, onun hazırladığım yoldan dönməyəcəyinə əmin oldum. Ayrılanda soruşdum:
-Təqiyyəyə inanırsanmı?
-Bəli, inanıram. Müşriklər səhabələrdən birinin ata-anasını öldürdükdə təqiyyə edib, şirki izhar etmişdi. Peyğəmbər buna qarşı çıxmamış və ona heç nə deməmişdi.
-Şiələr arasında təqiyyə ilə davran, sünni olduğunu söyləmə ki, başına bəla açarsan. Onların ölkəsindən və alimlərindən istifadə et, məzhəblərini öyrən! Onlar çox cahil və inadkar insanlardır.
Ona zəkat (imkansızlara paylanılan vergi növü) adı ilə bir miqdar pul verdim. Bir də minik üçün heyvan aldım. Ayrılarkən Bəsrəyə dönməyi qərara aldıq. Razılaşdıq ki, kim birinci gəlsə və gözləməyə imkanı olmasa, Əbdürrizaya məktub yazıb versin.
ALTINCI FƏSİL
Bir müddət Bağdadda qaldıqdan sonra Londona qayıtmaq əmri aldım. Londona döndükdə katiblər və mə`sullarla görüşdüm. Onlara uzun sürən səfərimdən, müşahidələrim və İraqla bağlı mə`lumatlarımdan danışdım. Onlar çox sevindilər və mənə öz təşəkkürlərini bildirdilər. Səfiyyə də məndən əlavə MNN-nə mə`lumat göndərmişdi. Sonradan bildim ki, MNN-nin xüsusi məqsədlə tə`yin olunmuş xəfiyyələri müntəzəm olaraq məni izləmiş və bu barədə mərkəzə mə`lumatlar göndərmişlər. Nazirlə görüşmək üçün vaxt aldım. O, məni İstambul səfərimdən qayıdarkən qarşıladığı kimi qarşılamadı. Bu dəfəki görüşümüzdə onun mənə məftun olduğunu anladım. Nazir, Məhəmməd Nəcdini həmkarlığa cəlb etdiyimə görə məndən çox razı idi.
Nazir dedi:
-Məhəmməd Nəcdi nazirliyimizin müsəlmanların qəlbinə sancmaq üçün daim axtardığı bir silahdır ki, onu əldə etmək üçün sərf etdiyimiz bütün məsrəflərə dəyər.
-Onu ələ almaq üçün çox əzab-əziyyətlərə qatlaşmalı oldum. Ondan ayrılanda çox nigaran idim; fikirlərindən dönəcəyindən qorxurdum. Lakin, söhbət əsnasında anladım ki, fikri qətidir.
-Nazirliyimizin casusları İsfahanda onunla görüşmüşlər. Bu haqda bizə bir mə`lumat da göndəriblər.
Öz-özümə fikirləşirdim ki, Məhəmməd bu sirri başqasına necə aça bilərdi?! Sonradan onunla görüşdükdə bildim ki, İsfahanda Əbdülkərim adlı bir şəxs onunla görüşəndə, Şeyx Məhəmmədin (məni nəzərdə tutur) qardaşıyam – demişdi. O da aldanaraq, bütün sirləri açmış və onunla məxfi əlaqə yaratmışdı. Mənə İsfahan və Şiraz səfəri haqqında belə danışdı: «Səfiyyə mənimlə İsfahana getdi. Onunla iki ay da müvəqqəti nigahla yaşadım. İsfahanda tanış olduğum Əbdülkərimlə Şiraza gəldim. O, məni Səfiyyədən də gözəl olan Asiya adlı bir qadınla tanış etdi. Onunla da bir müddət oldum. Həyatımın ən nəş`əli günlərini onunla keçirdim».
Sonradan dəqiqləşdirdim ki, Əbdülkərim İsfahanda yaşayan xristian, Asiya isə Şiraz yəhudilərindən olan MNN casusudur. Dördümüz bir yerdə Məhəmməd Nəcdini illərlə planlaşdırdığımız bir şəkildə yetişdirdik.
Mən hadisələri nazirə, katibə və nazirliyin tanımadığım iki mə`muruna danışdıqda, nazir mənə belə dedi: «Sən nazirliyimizin ən böyük mükafatını qazandın. Sən bizim ən mühüm xəfiyyələrimiz arasında birincisən. Katiblər sənə vəzifəni davam etdirmək üçün lazım olan iki dövlət sirrini söyləyəcəklər».
Sonra mənə ailəmlə görüşmək üçün on günlük vaxt verdilər; sevinc içərisində evimə doğru addımladım. Mənə çox bənzəyən oğlumla ən unudulmaz dəqiqələrimi keçirdim. Rasputin yenicə dil açırdı. Gözəl yeriməyi var idi. O yeriyəndə, sanki vücudumun bir parçası yeriyirdi. Bu on gündə sevincimin həddi-hüdudu yox idi. Xalamla da görüşməyim çox yaxşı oldu. Ancaq mən üçüncü səfərə getdikdən sonra o, dünyasını dəyişmişdi. Onun vəfat etməsinə çox təəssüfləndim. Ailəmlə olduğum bu on gün sanki bir saat kimi gəlib keçdi. Əziyyətli günlər isə əsrlərə bərabərdir. Nəcəfdəki xəstəlik günlərimi xatırladım. O kədərli günlərin hər biri mənim üçün bir ilə bərabər idi.
Yeni əmrlər almaq üçün nazirliyə getmişdim. Qarşımda katiblə yanaşı gülərüzlü və uzunboylu bir şəxs də dayanmışdı. Onunla görüşdükdə əlimi möhkəm-möhkəm sıxdı; sanki onun əllərindən qəlbimə məhəbbət süzüldü. O dedi: «Nazirliyimizin idarə hey`ətinin əmri ilə sənə çox mühüm iki dövlət sirrini söyləyəcəyəm. Bu iki sirdən çox istifadə edəcəksən. Bu mə`lumatları bir neçə nəfərdən başqa heç kəs bilmir».
VƏHHABİLİK NECƏ YARANDI
Şərhlər(0)
Baxış sayı:83
Aprel 17, 2008 9:46

